TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5237_cosqun-y-hyayev-ittihamlara-cavab-verdi-amea-nin-s

GÜNDƏM

Hamısı

Coşqun Yəhyayev ittihamlara CAVAB verdi - AMEA-nın saytında yayımlananlar Mehdiyevin beyninin və əməlinin məhsuludur!

(14 Gün, 18 Saat öncə) 5,53 B İzlenme 0 Yorum
Coşqun Yəhyayev ittihamlara CAVAB verdi - AMEA-nın saytında yayımlananlar Mehdiyevin beyninin və əməlinin məhsuludur!
AMEA-nın sabiq əməkdaşı qurumun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin ittihamlarına və yazdıqlarına aydınlıq gətirib. AMEA prezidenti Ramiz Mehdiyev və AMEA İşlər İdarəsinin qanunsuz təkidilə işdən uzaqlaşdırılan gənc doktorant Coşqun Yəhyayevin TURKAZİNFO ya eksklüziv müsahibəsini təqdim edirik:   

SUAL (O.N): Salam Coşqun bəy, dünən AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı yayılıb. Rəsmi məlumatda sizin adınız çəkilir və bir sıra məsələlərdə ittiham olunursunuz. Nə baş verir?

CAVAB (C.Y): Açığı AMEA-nın açıqlamasından təəccüblənmədim. Çünki Ramiz Mehdiyev oraya "prezident" olandan ölkənin əsas elm ocağını həm siyasiləşdirib, həm də qurumun rəsmi saytını özünün şəxsi maraqlarına hizmət edən radikal xəbər portalı səviyyəsinə endirib. Tam məsuliyyətimlə deyə bilərəm ki, AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin adından yayımlanmış bayağı məlumat birmənalı olaraq Ramiz Mehdiyevin şəxsi mövqeyini əks etdirir və özündə mənə qarşı şantaj və təhdid ehtiva edir. 

AMEA-nın mənə qarşı savaş açması ötən gün bəzi saytlarda Ramiz Mehdiyevin və yaxın ətrafının xoşagəlməz əməlləri barədə açıq məktubumun dərc edilməsi, bəlli şəxslərin Azərbaycan elminə qarşı düşmənçilik etməsini ifşa etməyimdir. 

Şəxsimə qarşı ittihamlarla da tanış oldum, o cızmaqaranın gülüb üstündən keçmək də olardı, amma medianın diqqətinə səbəb olubsa yazılan bütün detallara cavab verməyə hazıram. Bəri başdan bəyan edirəm ki, Mehdiyevin senzurasından keçib ərsəyə gəlmiş o bəyanatda Coşqun Yəhyayev barədə yazılanlar ayaq tutub yeriməyən ağ yalandır, nağıldır və böhtandır.

SUAL (O.N): Digər ittihamlara keçməzdən öncə, qalmaqala səbəb olan və AMEA-nın həvəslə təkzib etdiyi bir iddianız var ortada. Siz demisiniz ki, Ramiz Mehdiyevin hansısa nəvəsi də AMEA-da işləyir, işə gəlmir və havayıca maaş alır. Qurumun yaydığı cavab mətninin elə ilk abzasında isə deyilir ki, Akademiya prezidentinin heç bir nəvəsi AMEA-da işləmir və heç zaman da işləməyib. Siz yalan yaymısınız, yoxsa, AMEA Ramiz Mehdiyevin nəvəsi barədə məlumatı gizlədir?

CAVAB (C.Y): AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi hər saat açıqlama yaymır. Bunu qısa araşdırma aparmaqla da görmək olar. Bayaq dediyim kimi, hesab edirəm ki, sözügedən məlumatın yayılmasının mühüm səbəbi məhz Ramiz Mehdiyevin şəxsi dözümsüzlüyüdür. Akademik "baba" yenə isbat etdi ki, onu elm maraqlandırmır, o, nəvəsinin də timsalında ancaq öz şəxsi və ailə maraqlarını güdür. Bunun üçün hətta ictimaiyyətin və AMEA kollektivinin gözünün içinə baxıb yalan belə danışır. Elektron bazaya belə ərklə istinad edib, deyilən faktı rədd edirlərsə demək ki, rəsmi bilgiləri belə ya təhrif edir, ya da ki, saxtalaşdıra bilirlər. Mən onun nəvəsinin iş otağını şəxsən hazırlamışdım. 2020-ci ilin noyabrında katibliyin rəisi Eldar Əmirovun özəl tapşırığı ilə AMEA-nın 113 nömrəli otağını kompüterlə, stol-stullarla təmin etmişdim. Hətta həmin otaq xalça ilə də bəzədilmişdi. O otağı AMEA-da hamı "nəvənin otağı" kimi tanıyıb qəbul etmişdi. Qarşı tərəfin indi bunları gizlətməyə çalışması nəvə toyunu ictimaiyyətdən gizlətmək istəyinə bənzəyir. (gülür)

SUAL (O.N):  AMEA-nın saytı hər vəchlə sizi İşlər idarəsinin sabiq müdiri Elton Məmmədovla əlaqələndirir. Onu sizin himayədarınız adlandırır...

CAVAB (C.Y): Mən AMEA da Elton Məmmədovun köməkçisi olmuşam,
o saytda bir bu faktı təsdiq edirəm. Elton müəllim işgüzar,eyni zamanda dövlətə və dövlətçiliyə sadiq olan, savadlı və samballı professordur. Onun AMEA-dakı fəaliyyəti isə birbaşa Ramiz Mehdiyevin təkidli dəvətilə olub və elm ocağında nöqsansız çalışıb. Onunla işlədiyim müddətdə bizi işgüzar münasibətlər və elmi maraqlar daha çox birləşdirib. Elton Məmmədovun sadəliyi və insanpərvərliyi bütün kollektivdə həmişə səmimi və mehribançılıq mühiti yaratmışdı. Elton müəllim təkcə mənə yox, ehtiyacı olan bir çox gənc elm adamlarına himayədarlıq edib, elmi potensialımızın artırılması üçün öz məsləhətlərilə yanımızda olub. Bunun mənim şəxsi davranışlarıma və AMEA-nın haqsızlığı ilə mübarizəmə nə aidiyyatı var ?

SUAL (O.N): Bəs, AMEA rəhbərliyi ilə mübarizəniz niyə başlayıb?

CAVAB (C.Y): Bu barədə açıqlamalarım olub. AMEA-da öz bilik və bacarıqları ilə seçilən alimlərin, elm ocağına can yandıran kadrların incidilməsini, işdən qovulmasını bütün ölkə bilir. AMEA-dakı nöqsan və özbaşınalıqlarla razılaşmadığım üçün məni 20 may 2021-ci il tarixində qanunsuz şəkildə işdən çıxarıblar. Müalicədə ola-ola, sonradan da bülleten təqdim etdiyim halda qərəzçiliklə məni işsiz qoyublar. Bu acı prosesin arxasında birbaşa Ramiz Mehdiyev və AMEA-dakı yandaşları durur. İşimə bərpa üçün məhkəməyə də müraciət etmişəm, inanıram ki, hüquqi müstəvidə haqqım bərpa olunacaq...

SUAL (O.N): Ramiz Mehdiyevin “AMEA”-sı yazır ki, orada işləyəndə qardaşınızı və digər yaxınlarınızı işə düzəltmisiniz, dostunuzun xanım qohumundan rüşvət almısınız. Bu qədər nüfuzunuz olub və kadr məsələlərinə qarışmısınızmı ? 

CAVAB (C.Y): Mənim akademiyada əmr vermək, adamları işə almaq kimi səlahiyyətlərim olmayıb. Bu ittiham cəfəngiyatdır, elə olsaydı əmin olun ki, məni əmək məcəlləsinin ağırlaşdırıcı müddəası ilə işdən çıxarardılar. Ola bilər ki, kimlərisə qorxudub mənə qarşı hansısa sənədlər hazırlayırlar, izahatlar alırlar. Mən akademiyada həvəslə çalışmışam, pandemiya vaxtı xüsusi icazə ilə işləmişəm. Ramiz Mehdiyev və əlaltıları dura-dura mənim qanunsuz yolla işçi götürməyə nə səlahiyyətim, nə vicdanım, nə də tərbiyəm yol verməyib. Kadr işinə Akademiyada Eldar Əmirov baxır. Elə onun özündən soruşmaq lazımdır ki, Akademiyaya bu qədər rəhbər işçi və sadə işçi götürmüsünüz, onlardan özünüz pul almısınız deyə bu cür fikirləşirsiniz? 

Qardaşım Eminin adını da yazıblar, guya ondan pul alıb ora qoymuşam. Bu qədər şər, bu qədər absurd iddiamı olar? Qardaşım yaxşı energetikdir, sadəcə AMEA-da xahiş etmişdim ki, maaşı az olsa da akademiyaya köməyi dəyər. AMEA-nın hələ də energetika sistemi bərbad haldadır, sovetin vaxtından qalma qoruyucular, şitlər, paylayıcı qurğular hamısı sıradan çıxmaq təhlukəsi ilə üz uzədir. Bu problemlərin həllini düşünməyənlər qardaşımın zəhmətini unudurlar. Emin Akademiyada enerji dayanıqlığını fasiləsiz etmək üçün kifayət qədər iş görüb və hazırda üzərinə düşən maddi-mənəvi öhdəlikləri yerinə yetirir. Amma onu da hədəf götürürlərsə, olsun, onun üçün işdən çıxmaq hədiyyə olar.

Dostumun işə götürdükləri bacısı qızına gəlincə, akademiyada bir adam tapmadıqları üçün savadlı bir əməkdaşın adını çəkməyə cəhd ediblər. Həmin xanım öz savadına görə AMEA-ya qəbul edilib və hazırda daha yuxarı işə irəli çəkilib. Kadr axtarıblar və mən də sadəcə təşəbbüskar olmuşam, bunu rüşvət müqabilində etməmişəm. Bu dedikləri çox gülməlidir. Deyirlər hansısa siyahı var, o siyahını desəydilər mən də tanış olardım. Yoxsa, gizli saxlayıb məni şantaj etməsinlər!(gülür)

SUAL (O.N): İşlədiyiniz vaxtlarda AMEA-nın Şamaxıdakı İstirahət mərkəzinə, Bakıdakı “Qonaq evi”nə necə, şəxsi tapşırıq və göstərişlər vermisinizmi? Həmin məkanlardan şəxsi məqsədləriniz üçün istifadə etmisinizmi?

CAVAB (C.Y):  Mən çalışdığım vaxtlarda AMEA-nın Bakıdakı qonaq evi pandemiya ilə əlaqədar ümumiyyətlə işləməyib, heç mən onun yerini belə bilmirəm. Şamaxıdakı istirahət mərkəzində isə ezamiyyə məqsədilə işlə əlaqədar gedərkən olmuşam. Və bildirim ki, məni qonaq evinin müdirinə Mehdiyevin sevimli müavin Fikrət Əliyev tapşırıb. Çox sağ olsun deyirəm, amma niyə bunu ictimailəşdirdilər, bilmirəm. Çunki həmin vaxt qonaq evləri və o cümlədən sosial məsələlər İşlər İdarəsinin müavini Fikrət Əliyevə tabe idi, o məsələlər ona tapşırılmışdı. 
Fikrət Əliyevlə bağlı şəxsi söhbətlərimiz olub, ancaq mən özümə yaraşdırmıram ki, onlara toxunaq, hətta Fikrət müəllimin oğlu ilə də yaxın olmuşuq. Çox şey bilirəm,yaxşı olardı ki, Ramiz Mehdiyevin qohum müavini öz tapşırdığı işlərin hamısını mənim adımdan yox, öz adından ictimailəşdirsin, əgər utanmırsa...

SUAL (O.N): AMEA-nın saytı sizə qarşı “mer-meyvə söhbəti” də edib...

CAVAB (C.Y): Onların əvəzinə utanıram, heyif AMEA-nın saytına ki, elmi məqalələr, elmi tədqiqat işlərinin nəticələri barədə materiallar dərc etməyi unudub Mehdiyevlərin tapşırığı ilə əməkdaşların münasibətlərindəki şəxsi məlumatları tirajlayırlar. Mənim Elton Məmmədova şəxsi münasibətlərimdə heç vaxt yaltaqlıq olmayıb. Elton Məmmədov da özünə və başqalarına qarşı yaltaqlıq-məddahlıq sevməyib. Həm də sabiq müdirimin kiminsə mer-meyvəsinə ehtiyacı olmayıb. Görünür, qeyri-etik tezisləri açıqlamaya salanlar Ramiz Mehdiyevlə hədəfə aldıqlarını səhv salırlar. Çünki, məhz akademiya prezidentinin özünun otağı üçün gündəlik tazə mer-meyvələr alınırdı və bu kuryerliyi işlər idarəsi həyata keçirirdi. Bəlkə də söhbət hələ də alınan o meyvələrdən gedir, sadəcə ünvanı səhv salıblar. Elm ocağının saytında bu cür bayağılığa icazə verilməsi AMEA-nın müasir tarixinə qara ləkə kimi yazılır. Baş verənlər Ramiz Mehdiyev idarəçiliyində əxlaqın, elmi ərkanın və düşüncənin səviyyəsini göstərir. (təəssüf edir)

SUAL (O.N): Deyəsən “böhtan”larınızdan biri də AMEA Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənovla bağlıdır. Bu adam barədə də nəsə demək istəyiblər?

CAVAB (C.Y): Seyfəl Həsənov Ramiz Mehdiyevin ən sadiq adamlarından biridir. Mehdiyev onu AMEA-ya aparat rəhbəri gətirəndə baş mühasib ona 1500 AZN maaş yaza bilməyəcəyini, oturduğu ştatın mövcud  olmadığını, təyinatın qeyri-qanuni olacağını  söylədi. Hətta düz dediyinə görə, Seyfəl Həsənovla mühasib arasında mübahisə də yarandı. Sonda yazıq baş mühasibə təziq etdilər və hələ də Ramiz Mehdiyevin tapşırığı ilə cənab Həsənova əsassız maaş yazıldı, yəqin ki, hələ də yazılmaqdadır. Həmin baş mühasib isə maliyyə maxinasiyalarından, bənzər əsassız diqtələrdən bezdiyi üçün bir neçə ay əvvəl işindən istefa edib.

Seyfəl Həsənov barədə yazdığım digər  məlumatlara gəlincə, özümdən nəsə uydurmamışam. Bütün sosial şəbəkələrdə və yerli mediada Seyfəl Həsənovun Bakı Slavyan Universitetindən qovulmasına dair məlumatlar yetərincədir. Seyfəl Həsənov Bakı Slavyan Universitetindən qovulanda onu Prezident Administrasiyasına daha böyük vəzifəyə də Ramiz Mehdiyev çəkmişdi, düzü desinlər...

SUAL (O.N): Coşqun bəy, 2008-ci ildən bəri elmi işinizi tamamlaya bilmirsiniz, AMEA bunu da sizə qarşı arqument kimi istifadə edir. Bu barədə nə deyə bilərsiniz ?

CAVAB (C.Y): Azərbaycanda sağlam elmi mühitin olmadığını, bunun da baiskarlarından birinin Ramiz Mehdiyev olduğunu bilməyən qalmayıb. Bəli, uzun illərdir ki, götürdüyüm elmi işi tamamlaya bilmirəm. Bunun üçün müəyyən maddi xərclər də tələb olunur ki, həllində acizəm. Ölkəmizdə yüzlərlə gənc doktorantlarımız mənimlə eyni aqibəti bölüşür, bu əslində təhsilimizin problemidir. Fəlsəfə doktoru olmağım üçün mənim ailə-məişət qayğılarım azaldılmalıdır, elmi bilik və qabiliyyətimin ortaya çıxması üçün xərclərim qarşılanmalıdır. Ramiz Mehdiyevə qalsa, alim olmaq, elmi iş götürüb müdafiə etmək çox asandır. Çünki onun ideoloji müdavimlərinin, eləcə də Azərbaycanda alim adını daşıyan şəxslərin əksəriyyətinin dissertasiya işləri rus alimlərinin əsərlərindən plagiat edilmiş hissələrlə doludur. Plagiat saxta alim adı almaqdansa, 10 il ərzində elmi işi müdafiə etməyə cəhd etmək daha ləyaqətli, daha şərəflidir. 

SUAL (O.N): Müsahibənin yekunu olaraq başqa nə demək istərdiniz? 

CAVAB (C.Y): Ramiz Mehdiyevin özünə və AMEA-nın bütün kollektivinə səslənirəm. Ora Azərbaycanın əsas elm ocağıdır. Sizin çiyinlərinizdə bu ölkənin elmi yükü dayanır. Sizlər davranışlarınızla, əxlaqınızla və fəaliyyətinizlə millətin aydınlarına örnək olmağı bacarmalısınız. Kiminsə barəsində danışarkən vicdanınızın, mənliyinizin səsinə daha yaxşı qulaq asın. Məni qorxutmaq, AMEA-nın saytında şərləmək və təhqir etmək heç bir həqiqətə kölgə salmağa yetməyəcək. Kommunist partiyası sıralarında uzun illər qatı ateist olmuş Ramiz Mehdiyevi də, onun şəxsi maraqlarına xidməti adət etmiş digər şəxsləri yeri göyü yaradan, xeyri şərdən ayıran, haqq ədalətin elçisi o böyük ALLAHA tapşırıram.
Özlərinin də dediyi kimi - ziyalı adını, alim adını şəxsə xalq, ictimai rəy verir. Belə işlər AMEA-nın saytında yayımlanan böhtanlarla, cızmaqaralarla mümkün olmur. Mənim üçün əslində bu mövzunu daha da uzatmağa nə həvəsim, nə də bundan sonra vaxtım var... 

Müsahib - Coşqun Yəhyayev (C.Y) – AMEA-nın sabiq əməkdaşı
Söhbətləşdi – Jurnalist Osman Nərimanoğlu (O.N)

Demokratik.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı