Şəhid İsrafilov Abdulla Yadigar oğlu.
21 yanvar 1997-ci ildə Qax rayonunda anadan olub. Uzun müddət Rusiyada yaşamasına baxmayaraq, ana dilində rahat danışıb. Hərbi xidmətini də Azərbaycanda başa vurub. Daha sonra Çavuş hərbi rütbəsində Milli Orduda xidmətə başlayıb.
Vətən müharibəsində döyüş yoldaşları ilə birgə çiyin-çiyinə Vətən torpaqlarının hər qarışı uğrunda mübarizə aparıb. 27 sentyabr 2020-ci il tarixində Suqovuşanın işğaldan azad olunması döyüşlərində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Yaxınları deyir ki, Abdulla mərd olduğu qədər, həm də çox qayğıkeş, sakit və mehriban bir oğul olub. Hamı ondan razı idi.
Abdulla, subay idi və ailənin tək oğul övladı olub.
Allah rəhmət eləsin!